Xeber Informasiya Agentliyi

Bakıda Ajda Pekkan rüzgarı – FOTO

Türkiyənin super starı Ajda Pekkan “Nargis” jurnalının beş yaşı münasibətilə Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

Netxeber.Az xəbər verir ki, gecəyə sənət nümayəndələri, o cümlədən Xalq artistləri Fəxrəddin Manafov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki də qatılıb.

11 nəfər musiqiçi və səkkiz rəqqasla səhnəyə çıxan ifaçı konsertdə hit mahnılarını səsləndirib.

Mahnının sözlərini unutmamaq üçün əvvəlcədən tədbir görən sənətçinin qarşısında sözlərin yazıldığı monitorlar olub. 

Səhnədə xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısını ifa edən Ajda Pekkan alqışlara qərq olub.

Xüsusi səhnə dekorasiyası və işıq effektləri gecənin daha rəngli keçməsinə şərait yaradıb.

Konsertdə Xalq artisti Aygün Kazımova “Nargis” jurnalının təsisçilərini ad günü münasibətilə təbrik edərək fikirlərini belə dilə gətirib:

“Bu gün hər kəsin üz qabığında olmaq istədiyi bir jurnalın beş yaşı tamam olur. Peşəkar komandası var. İllərdir öz sözlərini demiş insanlar çalışır. On beş, iyirmi beş və daha artıq yaş diləyirəm”.

Nərgiz Cəlilova da təbriklərə qoşulub:

“Peşəkar bir komanda artıq beş ildir yerli mediada özəl açıqlamalar, müsahibələri ilə yerini möhkəmləndirib. Jurnalın baş redaktoru Ülviyyə Mahmudovanı təbrik edirəm”.

Ajda Pekkan isə konsert zamanı qonaqları salamlayıb və Bakını doyunca gəzdiyini deyib:

“Hamınız xoş gəlmisiniz. Sizin ləhcəniz çox xoşuma gəlir. Onsuz da bizdən fərqlənmir. Necə ki, ürəklərimiz iki ölkənin vətəndaşları olaraq birdir. Dilimiz də eynidir. İlk dəfə Bakını gəzə bildim. Gözəl yerlər kəşf etdim. İnsanlarınız çox doğmadır”.

Krem rəngli geyimi ilə gecədə işıq saçan A.Pekkan mahnılarına qatdığı xüsusi boğazları və rəqsləri ilə diqqət çəkib. 

Pərviz HÜSEYN
Foto: Ehtiram JABİ

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...