Xeber Informasiya Agentliyi

Zaqatala Beynəlxalq hava limanı istifadəyə verildi – FOTO

Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən Netxeber.Az-a verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak ediblər. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri – “Airbus A340-500” təyyarəsi enib.

Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunub ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radio-naviqasiya, metereoloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 000 kub metrdən çox torpaq işləri görülmüşdür. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 km uzunluğunda mühafizə hasarı çəkilmiş, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan 3×2 metr ölçüdə tunel tikilib.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxıbmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.

Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilmiş, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılıb, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.

Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...